Gürcüstanlı jurnalistlər azərbaycanlı həmkarları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Gürcüstanlı jurnalistlər azərbaycanlı həmkarları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər Gürcüstan Jurnalistlər Birliyi (GYB) azərbaycanlı həmkarlarının Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Diaspor
9 İyun , 2021 16:56
Gürcüstanlı jurnalistlər azərbaycanlı həmkarları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Məhərrəm İbrahimov və Sirac Abışov

Gürcüstan Jurnalistlər Birliyi (GYB) azərbaycanlı həmkarlarının Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

GYB üzvlərinin BMT, Avropa Şurası, "Amnesty İnternational", "Human Rights Watch" kimi beynəlxalq təşkilatlara ünvanlanan bəyanatında bildirilib ki, media nümayəndələri müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir:

"Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar".

Gürcü jurnalistlər bildiriblər ki, Ermənistan silahlı qüvvələri 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.

Bəyanat müəllifləri beynəlxalq ictimaiyyətin və jurnalist təşkilatlarının baş verənlərə həssaslıq göstərməsini tələb ediblər.

Qeyd edək ki, bəyanatı GYB sədri Manana Salukvadze, GYB üzvləri – Gürcüstanın media araşdırmalar mərkəzinin direktoru, Gürcüstanın əməkdar jurnalistləri Badri Naçkepiya, Teymur Beridze, Təhməz Təhməzov, Natiya İoseliyani, Gürcüstan televiziyasının sədri, Gürcüstanın əməkdar jurnalisti Tengiz Tixlava, "İmedi" televiziyasının şöbə müdiri, Gürcüstanın əməkdar jurnalisti Beka Oniani, Aztv-nin Gürcüstan təmsilçisi, Gürcüstanın əməkdar jurnalisti Şahismayıl Məmmədov, "Gürcüstan" qəzetinin baş redaktoru, Gürcüstanın əməkdar jurnalisti Xaləddin Yolçuyev və digərləri imzalayıblar.

Son xəbərlər

Orphus sistemi