Kanadanın XİN başçısı Ermənistanın mina xəritələrini verməməsi barədə məlumatlandırılıb

Kanadanın XİN başçısı Ermənistanın mina xəritələrini verməməsi barədə məlumatlandırılıb
Diaspor
28 Aprel , 2021 10:29
Kanadanın XİN başçısı Ermənistanın mina xəritələrini verməməsi barədə məlumatlandırılıb

Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri bu ölkənin xarici işlər naziri Mark Qarno ilə görüşüb.

"Report" xəbər verir ki, təşkilatın təşəbbüsü ilə baş tutan və videokonfrans formatında keçirilən görüşdə Kanadalı Azərbaycanlılar Şəbəkəsinin İdarə Heyətinin üzvləri və Edmonton, Kalqari və Torontodan olan fəalları iştirak ediblər.

Görüşdə M.Qarnoya ötən ilin sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və hərbi əməliyyatların dayandırılmasından sonrakı vəziyyətlə əlaqədar məlumat verilib.

Qeyd olunub ki, 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycanın bir çox şəhər və kəndləri, o ərazilərdə yaşamış əhalinin əmlakı Ermənistan tərəfindən talan edilib və dağıdılıb. Bu ərazilərdən məcburi surətdə köçürülmüş 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarına qayıtmaq niyyətindədir. Bildirilib ki, Azərbaycan hökuməti bu istiqamətdə lazımi hazırlıq işləri görməkdədir.

Nazirin diqqətinə çatdırılıb ki, lakin, Ermənistan ordusu tərəfindən vaxtilə basdırılmış minalar mülki əhalinin geriyə qayıtmasını çətinləşdirir. Vurğulanıb ki, atəşkəsdən sonra həmin ərzilərdə 20-dən artıq şəxs mina partlayışından həyatını itirib, 80-ə yaxın şəxs yaralanıb. Ermənistən tərəfi isə minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq, Kanada hökuməti minaların təmizlənməsi işində Azərbaycana dəstək olmalı və Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb etməlidir.

Kanadanın xarici işlər naziri Mark Qarno deyilən fikirləri diqqətlə dinləyib və baş verən hərbi əməliyyatlar və eləcə də müharibədən sonrakı vəziyyət ilə əlaqədar tam məlumatlı olduğunu söyləyib.

O, Kanadalı Azərbaycanlılar Şəbəkəsinin bu sahədə fəaliyyətindən xəbərdar olduğunu və qaldırılan məsələlərin vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, sözügedən məsələlər onun rəhbərlik etdiyi qurumun diqqətindədir və Kanada Xarici İşlər Nazirliyi bu məsələ barədə qərarlar qəbul etmək üçün çalışır.

KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olmuş və intensiv görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi