“Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı çox böyük siyasi, mənəvi və digər tərəfləri özündə birləşdirən hadisə olacaq”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclis sədrinin müavini, professor Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, Şuşa Azərbaycanın təkcə mədəniyyət mərkəzi deyil, həm də siyasət mərkəzidir:
“Dünya azərbaycanlılarının burada toplanması ilə bir daha “Şuşa, sən bizimsən” fikri təsdiq olunur. İkincisi, Dünya Azərbaycanlılarının Qurultayının məhz Şuşada keçirilməsi dünya ictimaiyyətinə də bir mesajdır ki, baxın, diqqətlə baxın, Şuşa artıq dünya azərbaycanlılarının mərkəzinə çevrilib, Şuşa və Qarabağ haqqında mənfi düşüncələrinizə son qoyun. Bura Azərbaycan vətənidir, Azərbaycan torpağıdır, azərbaycanlıların qeyrət beşiyidir”.
F.İbrahimli məsələnin mənəvi tərəflərinə də diqqət çəkib:
“Şuşa daim bizim mənəvi dünyamızın mərkəzi olub. Oradan dünya musiqisinə böyük töhfələr verən şəxsiyyətlər çıxıb. Vaxtilə nisgilə çevrilmiş Üzeyir bəyin, Bülbülün və digərlərinin heykəllərinə açılmış atəş bizim mənəvi dünyamıza açılmış atəş idi. Bu qurultay onların ruhları qarşısında bir hesabatdır ki, biz gəldik, ruhunuz şad olsun! Şuşa həmişə düşmənə sinə gərməyi, işğalçılar qarşısında sipər olmağı bacaranların Vətəni olub. Biz bununla həm də Şuşa uğrunda şəhid olmuş igidlərimiz qarşısında olan borcumuzu ifadə edirik. Vaxtilə siyasi çəkişmələrin, intriqaların, böyük dövlətlərin Qafqazdakı siyasi ambisiyalarının qurbanı olmuş Şuşada indi Dünya Azərbaycanlılarının Qurultayı keçirilir və indiyə qədərki proseslərə bir nöqtə qoyulur. Ona görə də bu mötəbər tədbirin Şuşada keçirilməsini böyük siyasi, mənəvi, elmi, beynəlmiləl və beynəlxalq bir hadisə kimi qiymətləndirmək lazımdır”.