Kiyevdə Ukrayna azərbaycanlıları diasporunun fəaliyyətinə töhfə verməsinə görə Azərbaycandan təltif olunmuş bir qrup diaspor fəallarına rəsmi mükafatların təqdimetmə mərasimi baş tutub.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyində baş tutan tədbirdə səfir, xalq yazıçısı Elmira Axundova bildirib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan Prezidentinin müasir dünyanın tələblərinə uyğun uğurlu siyasi kursu son dövrlərdə diaspor hərəkatını da xeyli gücləndirib. Xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi möhkəmlənib. Ukraynada da güclü hərəkata malik diasporumuz var. Bu, pandemiya dövründə və 44 günlük Vətən müharibəsi ərəfəsində özünü qabarıq göstərdi. Həmin dövrdə səfirliklə diaspor təşkilatları birgə effektiv fəaliyyət göstərdi. Bu birlik bu gün də davam edir və əminəm ki, bundan sonra da daha sıx şəkildə davam edəcək. Ermənistanın müharibə cinayətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq istiqamətində silsilə tədbirlər həyata keçirilir ki, bu da həmin birliyin bəhrəsidir. Məhz bu birliyin sayəsində pandemiya dövründə Ukraynada yaşayan soydaşlarımıza, Azərbaycan vətəndaşlarına kütləvi yardımlar edildi. Bu, indi də davam edir. Bizim səfirlik olaraq, qapımız bütün diaspor təşkilatlarının üzünə hər zaman açıqdır”.
Tədbirdə Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını və minnətdarlığını çatdıran komitənin Aparat rəhbəri Daşqın Rəcəbli isə bildirib ki, bu gün Ukraynada diasporumuz dünyanın ən güclü diaspor hərəkatlarından biridir. “Biz bunun həm pandemiya dövründə, həm də 44 günlük Vətən müharibəsində şahidi olduq. Ukraynada diaspor təşkilatları güclü tərəfə çevriliblər. Xüsusilə Ukrayna Azərbaycanlıları Radasının (RAU) yaradılması bu hərəkata önəmli bir təkan verdi. Səfirlik ilə diaspor təşkilatları arasında koordinasiyalı fəaliyyət mövcuddur. Dövlət Komitəsi olaraq biz daim dəstək verməyə hazırıq”- deyə Aparat rəhbəri vurğulayıb. D.Rəcəbli bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etdikdən sonra diasporumuz erməni məkrliyinə qarşı daha diqqətli olmalıdır.
Kiyev Azərbaycanlıları Konqresinin sədri, RAU-nun həmsədri Oleq Krapivin isə bildirib ki, fəaliyyətlərini bundan sonra da yüksək səviyyədə, birlik olaraq quracaqlar: “Biz daim Kiyev azərbaycanlıları olaraq Azərbaycan dövləti və xalqına dəstək verməyə hazırıq. Bundan sonra da xalqımızın xidmətindəyik”-deyə, o əlavə edib.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədri, RAU-nun həmsədri Hikmət Cavadov da çıxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışaraq bildirib ki, istənilən mövzuda tarixi vətənləri Azərbaycanı təmsil etməyə və dəstəkləməyə hazırdırlar.
Daha sonra səfirliyin ikinci katibi Samir Allahverdiyev mükafatları sahiblərinə təqdim edib.
Xatırladaq ki, Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə Oleq Krapivin, Hikmət Cavadov, Nəcəf Əhmədov, Sərxoş Ismayılov və Kifayət Cəfərova təltif olunublar. “Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə” təşəkkürnaməsi ilə isə Fəxrəddin Hüseynov, Arzum Məhərrəmov, Elşad İbrahimov, Şəhriyar Məhərrəmov, Rəşad Tağıyev, Daməd Əsgərov, Murad Cəfərov və Vagif Nağıyev təltif olunublar.