Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrup artıq Şuşa şəhərindədir.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi-memarlıq incilərini, erməni vandalizminin sübutu olan “Güllələnmiş heykəllər”in olduğu meydanı, iki qardaş ölkəni bir-birinə sıx tellərlə bağlayan Şuşa Bəyannaməsinin imzalandığı yeri, Şuşa qalasının üç əsas qapısından biri olan Gəncə qapısını, qədim tarixə malik Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini, Mehmandarovların evini, Xurşidbanu Natəvanın evini, Cıdır düzünü və digər tarixi əhəmiyyətli yerləri ziyarət edirlər.
Diaspor üzvlərinə ölkə rəhbərliyinin tapşırığı ilə Şuşada və Qarabağın digər ərazilərində aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilir.
Xaricdə yaşayan azərbaycanlılar iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandırıblar.
Qeyd edək ki, iyulun 27-də Komitənin təşkilatçılığı ilə diaspor nümayəndələrinin Şuşa şəhərinə ilk səfəri təşkil olunmuşdu və səfər böyük marağa səbəb olmuşdu. Azərbaycan diaspor nümayəndələrinin Qarabağa ikinci səfərində 26 ölkədən 100-ə yaxın diaspor nümayəndəsi iştirak edir.