Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Belçika Krallığının Vaterlo şəhərində Qarabağ şahzadəsi Xurşudbanu Natəvanın abidəsinin qarşısında anım mərasimi təşkil olunub.
“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları və Belçikadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Səfir Fuad İsgəndərov çıxış edərək Ermənistan-Azərbaycan arasındakı müharibədən və bu müharibənin ən ağrılı hadisələrindən olan Xocalı qətliamından söz açıb. Xocalı qurbanlarının əziz xatirəsini artıq qalib xalqın nümayəndələri kimi yad etdiyimizi bildirən diplomat Azərbaycanın artıq öz ərazi bütövlüyünü bərpa etdiyini və bunun da bütün şəhidlərimizin ruhunu şad etdiyini vurğulayıb.
Sonra Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Natəvanın abidəsinin önünə əklil qoyulub.