ABŞ-nin Venesuelaya qarşı neft, qaz və qızıl hasilatı sektorlarında sanksiyaları aprelin 18-də bərpa olunacaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddən göründüyü kimi, ABŞ Maliyyə Nazirliyi tərəfindən Venesuelanın neft-qaz sektorunda əməliyyatlara icazə verən ümumi lisenziya 18 aprel 2024-cü il tarixindən sonra uzadılmayacaq.
Bundan əlavə, Birləşmiş Ştatlar Venesuelanın dövlət qızıl mədən şirkəti "Minerven" ilə əməliyyatlara icazə verən ümumi lisenziyanı ləğv edir.
Bəyanatda vurğulanır ki, Venesuelaya qarşı sanksiyaların yumşaldılmasının ləğvi barədə qərar bu ölkə rəhbərliyinin müxalifətlə razılaşmalara əməl etməməsi səbəbindən verilib.
ABŞ və müttəfiqləri Venesuelaya birtərəfli qaydada 900-dən çox müxtəlif məhdudiyyət qoyub. Ölkə iqtisadiyyatına ən böyük ziyanı 2019-cu ildə dövlət neft şirkəti PDVSA-ya qarşı tətbiq edilən sanksiyalar vurub. Bəzi məlumatlara görə, Amerikanın neft-qaz sənayesinə qarşı sanksiyaları səbəbindən Venesuela 232 milyard dollardan çox itirib, ölkəyə məxsus təxminən 30 milyard dollar Qərb banklarında dondurulub.