ABŞ-a mühacir kimi köç etmiş, bu ölkədə vəfat etmiş həmvətənlərimizin uyuduqları və təəssüf ki, yox olmaq üzrə olan azərbaycanlıların məzarlığından çoxumuz xəbərsizik.
“Report”un müxbiri unudulmuş qərib məzarların sorağı ilə ABŞ-ın Nyu-Cersi ştatının, Paramus şəhərinin Corc Vaşinqton qəbristanlığını ziyarət edib.
Müsəlman qəbiristanlığında azərbaycanlıların məzarını tapmaq heç də, asan olmadı. Lakin qəbiristanlıq işçilərindən əldə etdiyimiz xəritə ilə böyük ərazisi olan məzarlıqda artıq itib-batmaq üzrə olan qərib məzarları çətinliklə də, olsa tapa bildik.
Vətən həsrətilə yaşamış insanların ətrafını ot basmış məzarlarının ziyarətçi üzünə həsrət qaldığı açıq şəkildə görünür. İllərdir, ziyarət olunmayan qəbirlərdə nə bir gül-çiçək, nə də bayraq gördük.
Qeyd edək ki, qəbirstanlıqda ölkəmizin müxtəlif şəhərlərindən (Gəncə, Şəki, Salyan, Naxçıvan, Bakı, Qarabağ bölgəsi və s.) olan 30-dan çox məzar var. Məzarların üzərindəki kiçik dəmir lövhələrdə mərhumların ad və soyadları, doğulduqları ölkə və şəhər, eyni zamanda doğum və ölüm tarixləri yazılıb.
Baxımsız qalan qəbirlərin bəziləri artıq yox olmaq üzrədir. Bələdçimiz, 40 ildən çoxdur ABŞ-da yaşayan Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli qəbirlərin üzərinə çiçək dəstələri və Azərbaycan bayrağı qoyaraq, həmvətənlərimizin ruhuna dualar oxudu.
E.Yerdərəli deyir ki, dünyasını dəyişənlərin bəzilərini şəxsən, bəzilərinin isə doğmalarını tanıyır: “Onların bir çoxu ABŞ-a mühacir olaraq gələn ilk azərbaycanlılardır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və bolşeviklərin zülmündən qaçan 30-dan çox azərbaycanlı bura gəlib. Onların bir çoxu Nyu-Yorka sığınıb, burda Azərbaycan Cəmiyyətini qurublar. Məqsədləri bir gün müstəqil Azərbaycana geri dönmək idi. Çətin şərtlərlə burda pul toplayıb Azərbaycan Evi üçün bina almışdılar. Evin həyətində məscid də vardı. Onlar, ABŞ-da Azərbaycan mədəniyyətini yaşadırdılar. Tez-tez Azərbaycan Evində toplaşırdılar, bayramları qeyd edir, bir-birlərinə arxa-dayaq olurdular. Azərbaycan bayraqları ilə yürüşlər edir, Vətəndən uzaq olsalar da, yurd həsrəti ilə yaşayırdılar. Hər biri Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün mücadilə edən böyük şəxsiyyətlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəyin oğlu Saleh bəy Şeyxzamanlı, azadlıq mübarizəsində onlarla çiyin-çiyinə savaşmış İlhan Adıgözəl, Abasalam Kazımzadə və tanımadığım daha bir neçə böyük şəxsiyyət bu məzarlıqda uyuyur”.
E.Yerdərəli deyir ki, məzarlıqda İkinci Dünya Müharibəsi illərində faşistlərdən qaçaraq ABŞ-a sığınan bir qrup azərbaycanlının da məzarları var: “Onların sayı təxmini 250-300 nəfərdir. Qəbiristanlıqda həmçinin digər türkdilli ölkələrdən olan insanların da məzarları var. Onlardan fərqli olaraq, burda dəfn olunan və ya ABŞ ilk gələn azərbaycanlılar haqqında dolğun məlumat yoxdur”.
Vüsalə Abbasova