ABŞ-ın Portlend şəhərində yerli vaxtla noyabrın 5-i gecə saatlarında onlarla aqressiv əhval-ruhiyyəli insan Şəhər Şurasının üzvü, şəhər komissarı Den Rayanın evi qarşısında iğtişaşlar və yanğın törədib.
“Report” xəbər verir ki, bu barədə TASS yerli polis idarəsinin məlumatına istinadən bildirib.
Polisin verdiyi məlumata görə, kütlə əvvəlcə şəhər parkına toplaşıb və ardından məqsədyönlü şəkildə, xəbərdarlıq çağırışlarına məhəl qoymadan şəhər komissarının evinə tərəf hərəkət edib. Evə çatdıqdan sonra aqressiv əhval-ruhiyyəli insanlar pəncərəni sındıraraq içəriyə yanan məşəllər və boya qablarını atıb, sonra da evin ətrafında əkilmiş bitkiləri məhv etməyə başlayıb. Yalnız bundan sonra polis aktiv hərəkətə keçib və kütləni dağıdıb.
Səlahiyyətlilər hazırda bütün məhəllə sakinlərini təhlükəyə atan cinayət fəaliyyətinin səbəblərini araşdırırlar. Eyni zamanda polis bunun son bir həftə ərzində şəhər komissarının evinə qarşı dördüncü vandalizm aktı olduğunu qeyd edib.
Saxlanılanlar barədə hələlik məlumat verilmir.
Daha əvvəl iğtişaşların qarşısını almaq üçün Portlendə ABŞ Milli Qvardiyasının göndəriləcəyi bildirilmişdi.