ABŞ-ın dövlət katibi Entoni Blinkenlə İordaniya kralı II Abdullah arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər:
“Dövlət katibi ABŞ-ın İordaniya ilə strateji tərəfdaşlığa sadiq olduğunu təsdiqləyib və Yaxın Şərqdə sülh , sabitliyin təşviqində İordaniyanın güclü liderliyinə görə Kral II Abdullaha təşəkkür edib”.
Qeyd edək ki, aprelin 3-dən 4-nə keçən gecə İordaniya Haşimilər Krallığının kralı II Abdullaha qarşı dövlət çevrilişinin qarşısı alınıb. Bununla bağlı kralın məxfi müşaviri, sonra ölkənin maliyyə naziri və Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın müşaviri olan Bəsim Əvədullah, krallıq ailəsi üzvü Şərif Həsən bin Zaid və bütövlükdə 16-dək şəxs həbs edilib.
Həbs edilənlər arasında yüksək rütbəli hərbçilər, bədəvi qəbilələrinin başçıları, adı çəkilməyən kəşfiyyat qurumunun əməkdaşları da var.