ABŞ Kosmik Qüvvələri bir gün hərbi personalını kosmosa yerləşdirə bilər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin Kosmik Əməliyyatlar Komandanlığının rəhbəri general-mayor Con Şou bildirib.
“Nə vaxtsa, bəli, insanları kosmosa göndərəcəyik. Onlar hardasa Ay mühitində və ya başqa bir yerdə komanda mərkəzlərini idarə edə bilər”, - “Air Force Magazine” Şoudan sitat gətirib.
Qeyd edək ki, 2019-cu ilin dekabrında ABŞ-da Kosmik Qüvvələr yaradılıb və Con Reymond 2020-ci ilin yanvarında Kosmik Komandanlığın komandiri təyin edilib. Komandanlığın doktrinal sənədlərində, lazım gələrsə, ABŞ Kosmik Qüvvələrinin hücum əməliyyatları apara biləcəyi və Yerdə və kiberməkanda obyektlərə hücum edə biləcəyi bildirilir.