Hərbi geyimlərin tədarükü üzrə ixtisaslaşan Amerika şirkəti “Sinclair & Wilde” Ukraynanın milli polisini və Müdafiə Nazirliyini korrupsiyada ittiham edib.
“Report” xəbər verir ki, bu barədə “BGD Legal & Consulting” şirkətinin saytındakı məlumatda deyilir.
Şirkət “Sinclair & Wilde”in maraqlarını müdafiə edir. Məktubda deyilir:
“Ukrayna Milli Polisinə açıq məktub. “Sinclair & Wilde”, Ukrayna Milli Polisinin yaxınlarda yayımlanan videosunda irəli sürülən yalan və əsassız iddiaları qəti şəkildə rədd edir. Aydındır ki, bu hekayənin yayılması milli polisin öz daxili korrupsiyasını və Ukrayna Müdafiə Nazirliyinin korrupsiyasını gizlətmək cəhdidir. 2023-cü il ərzində bir neçə nəfər “Sinclair & Wilde”dan sahib olduğu 14,5 milyon dolların ödənilməsini təmin etmək üçün rüşvət tələb edib.
Bir ildən artıqdır ki, ABŞ-ın Kiyevdəki səfirliyi, ABŞ və Ukrayna hüquq-mühafizə orqanları diqqəti Ukrayna Müdafiə Nazirliyində rüşvət tələbinə və aşkar korrupsiyaya yönəldib. Daha sonra Amerika rəsmiləri və şirkət nümayəndələri Ukrayna polisinə Ukrayna tərəfinin ittihamlarını təkzib edən məlumatlar təqdim ediblər. Lakin milli polis bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin rəsmilərinə ötürüb ki, bu da şahidlərin, o cümlədən ABŞ vətəndaşının həyatını təhlükəyə atıb. Nəticədə ABŞ hakimiyyəti milli polislə əməkdaşlığı davam etdirməkdən imtina edib”.
“Sinclair & Wilde” Ukrayna hərbi idarəsi ilə hərbi geyimlərin və tekstil məmulatlarının tədarükü üçün beş müqavilə bağlayıb.
Şirkət Ukrayna tərəfinə avadanlıqların təhvil verilməsinə qədər beşinci müqavilə üzrə 12,5 milyon dollar məbləğində ödənişi təxirə salmağa razılaşıb, baxmayaraq ki, əvvəlcə Ukrayna vəsaitin hamsını ödəməyə razılaşıb. Sonradan Ukrayna tərəfi şirkətdən aldığı formalara baxmayaraq, həm beşinci müqaviləni ödəməkdən, həm də birinci müqavilə üzrə borcunu ödəməkdən imtina edib.