ABŞ Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay hava limanına biri quru qoşunları, ikisi dəniz piyadaları olmaqla 3 tabordan ibarət 3 min hərbçi göndərir.
“Report” “tolonews” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib.
Onun sözlərinə görə, onlar hava limanında hərbi-nəqliyyat təyyarəsini gözləyəcəklər. C.Kirbi deyib ki, hərbçilər ABŞ Dövlət Departamentinin istəyi ilə göndərilir.
Həmin hərbçilər ABŞ vətəndaşlarının, o cümlədən diplomatlarının və Vaşinqtonun bu ölkədəki diplomatik nümayəndəliklərinin əfqanıstanlı əməkdaşlarının təxliyəsinin təhlükəsizliyini təmin edəcəklər.
Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi də eyni məqsəd üçün Əfqanıstana 600 hərbçi yollayacağını elan edib.