Suriyada Rusiyanın hərbi texnikası içərisində ABŞ hərbçilərinin olduğu zirehli avtomobilə çırpılıb.
“Report” xəbər verir ki, bu sözləri Ağ Evin yanında Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Con Elliot deyib.
Onun sözlərinə görə, hadisə avqustun 25-i səhər, Suriyanın şimal-şərqindəki Derik bölgəsində baş verib.
“Qarşıdurmanın qarşısını almaq üçün Amerika zirehli avtomobili hadisə yerini tərk edib. Vaşinqton hesab edir ki, bu cür təhlükəli, peşəkar olmayan hərəkətlər Rusiya və Amerika arasında münaqişələrin qarşısının alınmasına dair mövcud olan razılaşmaya ziddir”.
Hadisədən sonra, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı baş tutub. Telefon danışığının təfərrüatları barədə məlumat verilməyib.