Cənubi Afrikanın mərkəzi hissəsində dünən gecə ən aşağı temperatur üzrə rekord qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli SABC radiostansiyası Cənubi Afrika Meteorologiya Xidmətinə istinadən məlumat verib.
Sinoptiklərin bildirdiyinə görə, iyulun 24-nə keçən gecə ölkənin 19 bölgəsində minimal temperatur üzrə tarixi rekordlar qırılıb. Belə ki, Kimberli şəhərində və ətraf bölgələrdə şaxta mənfi 9,9 dərəcə Selsiyə çatıb. Bütün meteoroloji müşahidələr dövründə orada heç vaxt belə kəskin soyuq hava olmayıb. Yohannesburqda dünən gecə havanın temperaturu mənfi 7 dərəcəyə düşüb. Burada əvvəlki soyuq hava rekordu (-6,3 dərəcə) 1995-ci il iyulun 19-da qeydə alınmışdı.
Uzun illərdən bəri ilk dəfə Cənubi Afrikanın müxtəlif bölgələrinə qar yağıb. SABC qeyd edir ki, uşaqlar və yeniyetmələr bu ərazilərdə qar yağışını ilk dəfə görüblər. Yerlərin buz bağlaması səbəbindən çox sayda magistral yol bağlanıb.
Cari şaxtalar Afrikanın cənubuna Antarktidadan gəlib. “Buzlu qitə” Afrika qitəsinin cənub nöqtəsindən təxminən 4 min km məsafədə yerləşir. Soyuq havanın Cənubi Afrikada bir həftə də davam edəcəyi gözlənilir.