ABŞ Prezidenti Cozef Bayden İranın ali dini lideri ayətullah Əli Xameneiyə dövlət başçısı üçün nadir olan şəxsi müraciətində Tehranı Yaxın Şərqdə ABŞ əsgərlərinə hücumlara qarşı xəbərdarlıq edib.
“Report” xəbər verir ki, bu barədə Ağ evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib.
“Ona birbaşa müraciət ötürülüb”, - o açıqlayıb.
O bu müraciəti dəqiq necə verildiyini və başqa təfərrüatları açıqlamayıb. Baydenin xəbərdarlığının yalnız bölgədəki ABŞ qoşunlarına qarşı hücumlara şamil edilib, yoxsa İsraili birbaşa İranın potensial müdaxiləsindən qorumaq üçün də tətbiq edilib-edilmədiyi bəlli deyil.
Xatırladaq ki, cümə axşamı İranın xarici işlər naziri İsrail və ABŞ-yə qarşı üstüörtülü təhdidlər edib.
“Hazırda Fələstində soyqırımına rəhbərlik edən Amerika dövlət xadimlərinə açıq deyəcəyəm ki, biz regionda müharibənin genişlənməsini alqışlamırıq. Amma Qəzzada soyqırımı davam edərsə, bu alov onlara da aman verməyəcək”, – BMT Baş Assambleyasında çıxış etmiş Hüseyn Əmir-Abdollahian bildirib.
Pentaqonun məlumatına görə, son bir həftə ərzində Amerika əsgərləri İraqda ən azı 12, Suriyada isə dörd dəfə hücuma məruz qalıb.
Bu həftənin əvvəlində ABŞ artıq Tehrana xəbərdarlıq etmişdi ki, ABŞ ordusuna hücumlar davam edərsə, biganə qalmayacaq.
Pentaqon, mövcud Amerika kontingentinə əlavə olaraq, daha 900-ə yaxın ABŞ əsgərinin ya artıq Yaxın Şərqdə yerləşdiyini və ya bölmələrinin hava hücumlarına qarşı müdafiəsini gücləndirmək üçün oraya hərəkət etdiyini elan edib.