Avropa İttifaqı (Aİ) məhdud büdcə səbəbindən Afrika, Asiya və Latın Amerikası ölkələrində bir sıra nümayəndəliklərində işçilərin sayını azalda bilər.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti əldə etdiyi sənədə istinadən məlumat yayıb.
Məcburi tədbir Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) 2024-cü il büdcəsini aşması, gələn il xərclərin artması və inflyasiya səbəbindən vəziyyətin pisləşə biləcəyi ilə əlaqədardır.
"Avropa Komissiyası blokun strateji maraqlarının olduğunu düşündüyü ölkələrdə işçi heyətini gücləndirmək üçün bir çox səfirliyində işçilərin sayını kəskin şəkildə azaltmağı planlaşdırır", - nəşrin materialında deyilir.
Dünyada 145 nümayəndəliyi olan Aİ-nin yeni siyasi prioritetlərə daha yaxşı uyğun gələn nümayəndəliklər şəbəkəsinə ehtiyacı var. Nəşrin məlumatına görə, Aİ Afrika, Asiya və Latın Amerikasının bir çox ölkəsində işçi heyətini azaltmağı planlaşdırır.