Avropa qurumlarının rəhbərləri Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnının "Şeremetyevo" Hava Limanında saxlanılmasına münasibət bildirib.
“Report”un məlumatına görə, Aleksey Navalnının həbsindən sonra yarım saat ərzində Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Borel və Avropa Parlamentinin sədri David Sassoli tvitterdə müvafiq bəyanatlar yayıblar.
Bu mövzu Aİ Şurası tərəfindən Xarici İşlər nazirləri səviyyəsində 25 yanvarda və Avropa Parlamentinin 18 yanvarda baş tutacaq iclasında müzakirə ediləcək.
Şarl Mişel bildirib ki, Aleksey Navalnının Moskvaya gəldikdən sonra tutulması qəbuledilməzdir və müxalifət lideri dərhal azad edilməlidir.
Cozef Borel isə qeyd edib ki, Rusiya hökuməti Aleksey Navalnının hüquqlarına hörmət etməli və onu dərhal sərbəst buraxmalıdır. Onun sözlərinə görə, ədalətin siyasiləşdirilməsi qəbuledilməzdir.