Son günlər Almaniyada aramsız yağan yağış və dağlarda qarın əriməsi Reyn, Mayn, Rozel və Nekar çaylarının daşmasına səbəb olub.
“Report”un Avropa bürosunun məlumatına görə, nəticədə çayların sahilində yerləşən ərazilər su altında qalıb.
Ən acınacaqlı vəziyyət Vetterau şəhərinin Büdingen qəsəbəsində qeydə alınıb. Qədim qəsəbədəki evlər, iş yerləri və ticarət obyektlərini su basıb. Gecədən başlayan əhalinin evakuasiyası səhər saatlarına kimi davam edib.
Hessen Əyalət Fövqəladə Hallar Nazirliyindən “Report”un Avropa bürosuna verilən məlumata görə, Reyn və Main çaylarının sahilindəki ölçmə qurğularında suyun səviyyəsi 5,5 metr olaraq qeydə alınıb. Ancaq yağıntıların bir neçə gün davam edəcəyi təqdirdə çaylardakı bu səviyyəsinin 6, bəzi sahillərdə isə, son 30 ildə görülməmiş 8 metr səviyyəsinə çatacağı proqnozlaşdırılır.
Nazirlikdən bildirilib ki, artıq bu çay sahillərinə yaxın yaşayan sakinlərə evlərini könüllü tərk etmələri və onlar üçün yaradılan müvəqqəti sığınacaqlara yerləşmələri barədə xəbərdarlıq edilib.
Məlumat üçün bildirək ki, Almaniyada sonuncu belə təbii fəlakət, yəni çaylarda su səviyyəsinin 8 metrə qədər qalxması 1988-ci ildə qeydə alınıb.