Almaniya kansleri Olaf Şolts bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin ilə baş tutmuş telefon danışığının detallarını açıqlayıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Almaniya kansleri bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
"Mən onunla aydın və açıq danışdım. Çünki o müharibəni aparan bir tərəfdir. Açıq danışmaq lazım idi. Bir çox məsələlərdə eyni fikirdə deyildik. Danışıq zamanı belə anladım ki, Rusiya lideri müharibə başlamazdan iki il əvvəl bu barədə bilirmiş", - Şolts deyib.
Kansler xatırladıb ki, Putin ilə sonuncu dəfə 2022-ci ildə müharibəyə qədər danışıb.
"Mən bu dəfə ona açıq şəkildə bildirdim ki, Ukraynanın müstəqil, suveren dövlət olmaq hüququ var və o, Avropa İttifaqının bir hissəsi olmaq istədiyinə qərar verir. Ukraynanın öz ordusu var və tam müstəqilliyinə nail ola bilər. Bu, o deməkdir ki, Rusiya müharibəni dayandırmalı və qoşunlarını geri çəkməlidir. Amma təəssüf ki, onunla fikir ayrılığımız oldu", - Almaniya kansleri əlavə edib.