Almaniya Xarici İşlər Nazirliyi KXDR-in raket buraxılışını kəskin şəkildə pisləyib və Pxenyanı növbəti sınaqlardan çəkinməyə çağırıb.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
"Biz Şimali Koreyanın dekabrın 18-də qeyri-qanuni olaraq uzaqmənzilli ballistik raket buraxmasını, eləcə də bir gün əvvəl qısa mənzilli ballistik raket buraxmasını qətiyyətlə pisləyirik. Bu raket buraxılışları ilə Şimali Koreya BMT-nin müvafiq təhlükəsizlik normalarını bir daha kobud şəkildə pozur. Şuranın qətnamələri məsuliyyətsiz şəkildə regionda gərginliyi artırır, regional və beynəlxalq sülhü təhdid edir”, - Almaniya Xarici İşlər Nazirliyi bəyan edib.
“Biz Şimali Koreyanı növbəti sınaqlardan çəkinməyə, BMT Təhlükəsizlik Şurasının qərarlarına tam əməl etməyə, ABŞ, Cənubi Koreyanın danışıqlar üçün təkliflərini qəbul etməyə, nüvə və raket proqramının azaldılması ilə bağlı ciddi danışıqlara başlamağa çağırırıq”, - XİN rəsmisi fikirlərini yekunlaşdırıb.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, KXDR tərəfindən bazar ertəsi buraxılan qitələrarası ballistik raket 73 dəqiqə uçuşda olub və bu müddət ərzində maksimum uçuş hündürlüyü 6 min km olmaqla min km məsafə qət edib. Normal trayektoriya ilə buraxıldıqda onun uçuş məsafəsi 15 min km-dən çox ola bilər ki, bu da ABŞ-ın bütün ərazisini əhatə edir.
Raketin düşdüyü ərazi Yaponiyanın iqtisadi zonasından kənarda, Okusiri adasından 250 km qərbdə, Hokkaydo sahillərindən təxminən 20 km məsafədə yerləşir.