Rusiyanın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi mətbuat konfransında bildirib.
Məlumata görə, buna səbəb Almaniya ARD telekanalının jurnalistlərinin Rusiya ərazisindən çıxarılmasıdır.
"ARD əməkdaşlarının çıxarılması qəbuledilməzdir və əsaslandırma sadəcə uydurmadır. Biz bunu tamamilə pisləyirik. Bu səbəbdən bu gün Rusiya səfirini çağırdıq", - o qeyd edib.
Almaniya hökumətinin Rusiyanın “Birinci” kanalının Almaniya bürosunu bağlamaq qərarına gəldiyi və Berlindəki müxbir məntəqəsinin əməkdaşları İvan Blaqoy və Dmitri Volkova ölkəni tərk etmək göstərişi verildiyi məlum olub.
Tezliklə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova cavab olaraq ARD media qrupunun iki jurnalistinin çıxarıldığını bildirib. O, telekanalın ölkəyə yeni əməkdaşlar göndərə biləcəyini, lakin bunun yalnız Berlindəki “Birinci” kanalın müxbir məntəqəsinin işi bərpa ediləcəyi təqdirdə mümkün olacağını vurğulayıb.