Almaniyanın Xemnits şəhəri, Anton-Günter küçəsinin sakinləri qaçqın yataqxanasına görə etiraz aksiyası keçiriblər.
“Report”un Avropa bürosunun məlumatına görə, sakinləri şəhər bələdiyyəsi ilə üz-üzə qoyan köhnə zavod anbarı kimi istifadə olunan ərazinin yataqxanaya çevrilməsi və buraya sığınacaq axtaranların yerləşdirilməsi ilə bağlı planlarıdır.
Sakinlər bildiriblər ki, yaşadıqları ərazidə xarici ölkələrdən gələn qaçqınların yeləşdirilməsi onların yaşayışına mənfi təsir göstərir. Eyni zamanda ərazidəki sabit kriminogen vəziyyəti də dəyişdirəcək.
Şəhər bələdiyyəsindən isə bildirilib ki, hazırda Xemnitsdə istifadəsiz idman zalında yaşamaq məcburiyyətində qalan 300-ə qədər qaçqının yaxın aylarda başqa yerə köçürülməsi planlaşdırılır:
“Hazırda bu qədər adamı yerləşdirmək üçün bələdiyyənin nəzdində hər hansı bir obyekt yoxdur. Bu səbəbdən bələdiyyə zavodlardan birinə məxsus anbarı kirayələyib. Həmin anbarın daxilində konteynerlərdən ibarət yataqxananın qurulması planlaşdırılır. Əraziyə müşahidə kameraları və təhlükəsizlik şirkətlərindən birinin əməkdaşları nəzarət edəcək”.
Məlumat üçün bildirək ki, Xemnitsdə qaçqınların köçürülməsindən sonra bağlanacaq idman zalında hazırda Afrika ölkələri, İran, Əfqanıstan, Hindistan, Gürcüstan, İran və Azərbaycandan gələnlər qalırlar. Yeni yataqxanaya köçürüləcək Azərbaycan Respublikası vətəndaşlarının sayı 7-dir. Onlardan 3-ü bir ailənin üzvüdürlər.