Almaniyanın səhiyyə naziri Yens Şpan COVID ilə bağlı vəziyyətin hələ tam nəzarət altında olmadığını qeyd edərək məhdudiyyətlərin tədricən aradan qaldırılmasında ehtiyatlı olmağa çağırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Berlində keçirdiyi mətbuat konfransında bildirib.
“Virus təslim olmur, bunu açıq şəkildə görürük... Bir tərəfdən, həftəlik rəqəmlərə baxsaq, yeni xəstələrin sayında azalma, peyvənd olunanların sayında artım olduğunu görürük. Ancaq digər yandan, Almaniyada xəstəliyə səbəb olan virusun mutasiyalarının sayı getdikcə artmaqdadır. Bu, rəqəmlərin azalması fonunda əks hərəkətdir. Bu, ehtiyatlı olmağı tələb edir. Lokdaunun ləğv edilməsinə ehtiyac çoxdur, amma əldə olunanları itirməmək üçün diqqətli olmalıyıq”, - nazir deyib.
Y.Şpanın sözlərinə görə, virusunun Britaniya ştammı (B117) Almaniyada xüsusilə sürətlə yayılır. “Testi müsbət nəticələnən hər beş nəfərdən birində virusun bu mutasiyası aşkarlanıb”, - o söyləyib.