"Almaniya üçün Alternativ" Partiyasının nümayəndələri Drezdendə keçirilən qurultayın gedişatında ölkəni Avropa Birliyindən (AB) çıxmağa çağırıblar.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi bildirib.
"Bizim fikrimizcə, Almaniya mütləq Avropa Birliyindən çıxmalı, yeni, ümumi maraqlar güdən Avropa iqtisadi cəmiyyətini yaratmaq lazımdır ", - partiyanın qurultayının qərarında deyilir. "Almaniya üçün Alternativ"in 550 nümayəndəsi “Dexit”i dəstəkləyib.
Bu halda partiyanın həmsədri Yorq Moyten belə mövqeyə qarşı çıxış edib. Bəyanatı başqa siyasi təşkilatların nümayəndələri də tənqid edib. Xüsusilə, "Azad Demokratik Partiya"dan Bundestaqın deputatı Aleksandr Lambsdorff "Almaniya üçün Alternativ"ı "axmaq millətçilikdə" günahlandırıb. Onun fikrincə, Almaniyanın Avropa Birliyindən çıxması AB-nin və daxili bazarın sonu olacaq.
Xatırladaq ki, Avropa Birliyi (əvvəlki adı Avropa İqtisadi Birliyi - red) 1957-ci ildə Almaniya, Fransa, İtaliya, habelə Belçika, Niderland və Lüksemburq tərəfindən yaradılıb. Sonrakı illərdə Birliyə Danımarka, İrlandiya, Britaniya, Portuqaliya, Yunanıstan və digər ölkələr də daxil ediliblər.