Almaniyada yaxın günlədə təkcə peyvənd olunanlar üçün deyil, bütün insanlar üçün koronavirus qadağaları tamamilə ləğv edilə bilər.
“Report”un Avropa bürosunun məlumatına görə, bunu ölkənin federal ədliyyə naziri Kristina Lambrext söyləyib.
Hazırda 232 mindən çox aktiv koronavirus daşıyıcısının olduğu Almaniyada bütün şəhərlərdə sürətli test mərkəzləri yaradılıb. Dövlət idarələri, bəzi mağaza və marketlərin yalnız neqativ test nəticəsi ilə vətəndaşları qəbul edə biləcəyini elan etməsindən sonra sözügedən test mərkəzlərinin sayı iki dəfə artırılıb. Eyni zamanda test mərkəzlərində sıxlığı aradan qaldırmaq üçün ərazisi böyük olan apteklər və kilsələr bu işə cəlb edilib. İnternet vasitəsi ilə görüş vaxtı alan vətəndaşlar həmin test mərkəzlərinə yaxınlaşıb, nümunə verməklə 20 dəqiqə içərisində nəticəni elektron qaydada ala bilirlər. Testin nəticəsi isə, 24 saat keçərli sayılır.
Artıq Şimali Reyn Vestfaliya əyalətində bir çox dövlət idarəsi mayın 17-dən sonra görüş vaxtı təyin edilən vətəndaşlara neqativ test nəticəsi ilə gəlmələri haqqında bildiriş göndərib.
Əhalinin peyvəndlənməsi işinə isə, artıq özəl klinikalar da cəlb edilib. Bu klinikalarda gözləmə növbəsi olmadan pevəndlənmə aparılır.
Almaniya Federal Daxili İşlər Nazirliyi saxta peyvənd kartı ilə bağlı əhaliyə xəbərdarlıq edib. Artıb bir çox əyalətdə polisin keçirdiyi əməliyyatlarla saxta peyvənd kartı satan şəxslər saxlanılıb.