Almaniya Bundestaqına seçkilərdə səsvermə başlayıb.
“Report” xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00-da) açılıb.
Rəsmi məlumata görə, ölkə əhalisinin 60,4 milyon nəfər vətəndaşının səsvermə hüququ var. Onlar ölkənin yeni parlamentinin tərkibini müəyyənləşdirəcəklər.
Seçkilərdən sonra Bundestaqda yeni kanslerin rəhbərliyi altında yeni hökumət formalaşdırılacaq.
Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) bağlanacaq. Səsvermələrin başa çatmasından dərhal sonra “exit poll”un nəticələri açıqlanacaq və siyasi qüvvələrin nümayəndələrindən ilk açıqlamalar olacaq. Builki seçkilərdə 47 siyasi qüvvənin namizədləri mübarizə aparır. Qeyd edək ki, Almaniyanın hazırkı kansleri Angela Merkel bu dəfə öz namizədliyini irəli sürməyib və daha əvvəl Nazirlər Kabinetinin formalaşdırılmasından sonra ümumiyyətlə siyasətdən gedəcəyini elan edib.
Almaniya Federal Respublikasının Mərkəzi Seçki Komissiyası ilkin nəticələri bazar ertəsinə keçən gecə açıqlayacaq.