Amsterdamda qarışıqlıqlar zamanı partlayış baş verib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, qarışıqlıqların iştirakçıları Osdorp ərazisində avtomobilləri yandırıblar və polislərə daşı atıblar. Bununla yanaşı, iğtişaşlar zamanı naməlum şəxslər yük maşınını yandırıblar. Avtomobil az sonra partlayıb.
Vəziyyət indiyə qədər sakitləşməyib, qarışıqlıqların dayandırılması üçün əraziyə xüsusi təyinatlı dəstə göndərilib.
Niderlandda narazılıqlar və qarışıqlıqlar hökumət tərəfindən koronavirusun yayılması ilə mübarizə üzrə tədbirlərlə bağlıdır. Ölkənin baş naziri Mark Ryutte yanvarın 12-də ümumi təcridetmə rejiminin fevralın 9-dək uzadılması haqqında bildirib.
Niderlandda mağazaların çoxu işləmir.
Qadağalar həmçinin restoranların, kafelərin, muzeylərin, teatrların, attraksionların, heyvanat parklarının, kazinoların, saunaların, hovuzların, idman zallarının və gözəllik salonlarının fəaliyyətinə də aiddir. Bundan başqa bütün təhsil müəssisələri distant rejiminə keçib.