Video əlavə olunub
Almaniyada son günlər aramsız yağışlar və dağlardakı qarın əriməsi ilə daşan çaylar ölkədə həyatı iflic edib.
“Report”un Avropa Bürosunun məlumatına görə, ən acınacaqlı vəziyyət Reyn çayı sahilində yerləşən Köln, Bonn, Düsseldorf kimi böyük şəhərlərdə qeydə alınıb.
Avropanın ən uzun çayı olan və mənbəyini Alp dağlarından götürən çay sahilində yerəşən bu şəhərlərdə suyun səviyyəsi son üç gündə daha 3 metr qalxaraq 8,3 metrlik bir həddə çatıb. Nəticədə sahilə yaxın ev, iş yerləri, ticarət obyektləri, parklar su altında qalıb.
Çayın daşması xüsusilə Şimali Reyn Vestfaliya əyalətində nəqliyyatın hərəkətində problemlər yaradıb. Əhəmiyyətli qatar, tramvay və avtomobil yollarının su altında qalması şəhərlərin bir-biri ilə əlaqəsini kəsib. Avtobanlarda ucu-bucağı görünməyən tıxaclar meydana gəlib. Sahillər arasında bərə səfərləri limanların su altında qalması ilə həyata keçirilə bilməyib. Eyni zamanda Reyn çayında yük gəmilərinin hərəkəti məhdudlaşdırılıb.
Əyalət Daxili İşlər Nazirliyindən “Report”un Avropa bürosuna bildirilib ki, daşqın baş verən ərazilərdə son üç gündə on minlərlə yerli sakin evakuasiya edilib. Onlar bələdiyyələr tərəfindən məktəb və universitet binalarının idman zallarında yaradılan müvəqqəti sığınacağa yerləşdiriliblər. Eyni zamanda əyalət Fövqəladə Hallar Nazirliyi, yerli bələdiyyə və polis əməkdaşları ilə birlikdə çay sularının qarşısını almaq məqsədi ilə böyük şəhərlərdə süni bənd yaradıblar. Ancaq bu da yetərli olmayıb. Xüsusilə, Bonn şəhərində suyun səviyyəsi artaraq bulvar ərazisini keçib və Səudiyyə Ərəbistanı Səfirliyinin yerləşdiyi binaya qədər gəlib çıxıb. Nəticədə səfirlik işçiləri təhlükəsiz əraziyə evakuasiya ediliblər. Səfirliyə aid avtomobillər su altında qalıb.
Məlumat üçün bildirək ki, Almaniyada sonuncu belə təbii fəlakət, yəni çaylarda su səviyyəsinin 8 metrə qədər qalxması 1988-ci ildə qeydə alınıb.