ATƏT müşahidəçiləri ABŞ-dakı prezident seçkilərinin rəqabətli oldğunu, yaxşı təşkil olunduğunu, lakin gərgin və namizədlər arasındakı “düşmənçilik” ritorikası ilə müşayiət olunduğunu söyləyiblər.
“Report” xəbər verir ki, bu barədə ATƏT missiyasının noyabrın 3-də keçirilmiş seçkilərin müşahidəsinin yekunununda yaydığı bəyanatda deyilir.
ATƏT müşahidəçiləri ABŞ-ın 18 ştatında seçki məntəqələrinə giriş əldə edə bilmədiklərini qeyd ediblər.
Həmçinin ABŞ-da seçki kampaniyasının maliyyələşdirilməsindəki şəffaflıqla bağlı da ciddi narahatlıqlar olduğu vurğulanıb: “Kampaniyanın maliyyələşdirilməsi ilə bağlı narahatlığımız var. Kampaniya xərcləri ümumilikdə şəffaf olsa da, heç bir şəkildə tənzimlənmir. Bu kampaniyaya, təxminən, 14 milyard dollar xərclənib. Kampaniyaların maliyyələşdirilməsi federal qanunvericiliklə və Ali Məhkəmənin və digər məhkəmələrin qərarları ilə tənzimlənir. Namizədlər üçün fərdi ianələr verilməsi məhduddur və tam açıqlanmalıdır”, - missiyanın bəyanatında bildirilib.
ATƏT müşahidəçiləri hesab edirlər ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp seçki kampaniyası dövründə dəfələrlə siyasi mənfəət əldə etmək üçün xidməti imkanlarından istifadə edib.
“Hazırkı prezidentin cinsinə və mənşəyinə görə ayrı-ayrı şəxslərə qarşı ayrı-seçkilik və alçaldıcı ifadələr istifadə etməsi xüsusi narahatlıq doğurdu. Hazırkı prezident dəfələrlə siyasi mənfəət üçün xidməti imkanlarından istifadə etdiyi üçün hökumət və partiya fəaliyyətləri arasındakı fərqə heç də hər zaman riayət edilmədi. Bəzi hallarda Trampın hakimiyyəti dinc yolla verməkdən imtina etdiyi təəssüratı yaranırdı. O, heç bir əsaslı dəlil gətirmədən seçki prosesinin, xüsusən də poçtla səs vermənin sistematik şəkildə saxtalaşdırıldığını iddia edirdi”, - bəyanatda qeyd olunub.