Avropa Parlamenti bu gün, yanvarın 19-da Rusiyanın Ukraynaya qarşı cinayəti üzrə xüsusi tribunalın yaradılması barədə qərar qəbul edib.
“Report” Avropa Parlamentinin saytına istinadən xəbər verir ki, deputatlardan 472-si qərarın lehinə səs veriblər. 19 parlamentari qərarın əleyhinə çıxıb, 33 nəfər isə bitərəf qalıb.
Qətnamədə deyilir ki, 2014-cü ilin fevral ayından etibarən Rusiya Ukraynaya qarşı qeyri-qanuni və əsassız müharibə aparır: “2022-ci il fevralın 24-də bu müharibə Rusiyanın kütləvi işğalı ilə yenidən başladı".
Qeyd edilib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsi BMT Nizamnaməsinin, beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Qətnamədə deyilir ki, Rusiya qüvvələri yaşayış məntəqələrinə və mülki infrastruktura qarşı ayrı-seçkilik etmədən hücumlar həyata keçirib, minlərlə Ukrayna vətəndaşını qətlə yetirib.
Qətnamədə deyilir ki, xüsusi beynəlxalq tribunal təkcə Vladimir Putini və Rusiya Federasiyasının siyasi və hərbi rəhbərliyini deyil, həm də Aleksandr Lukaşenkonu və Belarusun siyasi və hərbi rəhbərliyini araşdırmaq səlahiyyətinə malik olmalıdır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitro Kuleba qərarı alqışlayıb və buna görə Avropa Parlementinə təşəkkür ediblər.