Avropa Şurasının dövlət və hökumət başçılarının növbəti sammiti gələn il mayın 16-17-də İslandiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.
“İrlandiyanın xarici işlər naziri Saymon Koveni, İslandiyanın Baş naziri Katrin Yakobsdottir və Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Avropa Şurasının dövlət və hökumət başçılarının zirvə görüşünün 16-17 may 2023-cü il tarixlərində Reykyavikdə keçirilməsi ilə bağlı Nazirlər Komitəsinin qərarını alqışlayıb”, - bəyanatda deyilir.
Qeyd olunur ki, bu, Avropa Şurasının 73 illik tarixində dördüncü sammitdir. Sammitin çağırılması barədə qərar bu ilin oktyabrında yüksək səviyyəli analitika qrupunun təqdim etdiyi hesabatdan sonra verilib.
Bu münasibətlə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç dövlət və hökumət başçılarının dördüncü sammitinin keçirilməsi qərarının vaxtında və düzgün qərar olduğunu bildirib. “Nazirlər Komitəsini bu qərarın qəbulu münasibətilə təbrik edirəm. Sammit bütün üzv dövlətlərimizə sürətlə dəyişən qitəmizdə demokratik təhlükəsizliyin əsasını təşkil edən dəyərlərə sadiqliklərini bir daha təsdiqləmək imkanı verəcək”, - o əlavə edib.