Belçika, Almaniya və Niderlandın hüquq-mühafizə orqanları bankomatları partlatmaqla məşğul olan cinayətkar qruplaşmanın üzvlərini həbs edib. Qruplaşmanın fəaliyyətindən dəyən ümumi zərər 4 milyon avronu keçir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə əməliyyata dəstək verən Avropa Ədliyyə Orqanları Əməkdaşlığı Agentliyi (Eurojust) məlumat yayıb.
“Ümumilikdə 9 nəfər saxlanılıb. 16 obyektdə axtarış aparılıb. Keçirilən reydlər zamanı 4 kq partlayıcı maddə, cinayət törədilməsində istifadə olunmuş bir avtomobil, bir neçə telefon, nağd pul, elektroşoker, əlcəklər, lomlar, çəkiclər, naviqasiya avadanlığı, radiotezlik skaneri və müxtəlif qiymətli əşyalar aşkar olunaraq müsadirə edilib”, - təşkilatdan bildirilib.
İstintaq müəyyən edib ki, cinayətkarlar bankomatları partlatmaq və oradan nağd pul çıxarmaq üçün Niderlanddan Almaniyaya gediblər. Onlar bir dəfəyə 250 min avroya qədər pul əldə edə bilirdilər. 2021-ci ildən fəaliyyət göstərən qruplaşma bu yolla azı 31 bankomatı partladıb və onlardan azı 3,4 milyon avro ələ keçiriblər. Binalara dəymiş ziyan və sıradan çıxmış bank avadanlıqlarını da nəzərə alsaq, qruplaşmanın fəaliyyətlərindən dəyən ümumi zərər 4 milyon avrodan çox olub.