Avstraliyanın Yeni Cənubi Uels ştatında leysan yağışları nəticəsində baş verən daşqınlar üzündən 1 nəfər ölüb, 20 minədək sakin təxliyyə olunub.
“Report” “Sydney Morning Herald”a istinadən xəbər verir ki, polisdən verilən məlumata əsasən, həmin şəxsin avtomobili Sidney yaxınlığında yolda qalıb. Yardım xidmətinə vurulan zəngdən sonra hadisə yerinə yalnız 5 saat sonra çatmaq mümkün olub və zəng edən artıq dünyasını dəyişib. Ştatın baş naziri Qladis Bereciklian (Gladys Berejiklian) ölənin ailəsinə başsağlığı verib.
“Minlərlə insan hələ də təxliyyə bildirişləri alırlar. Belə ki, çaylar son 50 il görünməmiş dərəcədə daşmağa, hövzələrə də sular tökülməyə davam edəcək. Bu gün biz hər kəsin təhlükəsizliyini əmin olmağa yaxınıq, təcrid olanların təchizatını təmin edir və təmizləmə işlərinə başlayan icmalara imkan daxilində dəstək veririk”, – baş nazir bildirib.
Hava proqnozuna görə, bu gündən ştat ərazisində 6 gündür davam edən yağıntıların kəsiləcəyi, havanın günəşli keçəcəyi, qarşıdakı həftə də güclü yağıntı gözlənilmədiyi bildirilir.
Bundan əvvəl Yeni Cənubi Uels ştatının 38 qəzası təbii fəlakət bölgəsi elan edilmiş, 200-dən çox məktəb fəaliyyətini dayandırmış, təhlükəli ərazilərdən köçürülənlər üçün təxliyyə düşərgələri qurulmuşdu. Təbii fəlakət bölgələrinin yetkin sakinlərinə adambaşı 1 000 Avstraliya dolları, uşaqlara da 400 dollar maddi yardım göstərilir.