ABŞ Prezidenti Cozef Bayden koronavirusdan ölən həmvətənlərinin xatirəsini Ağ Evdə yad edib.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Amerika lideri qısa nitqi ilə çıxış edərək həmyerlilərini cəmiyyətdəki dərin siyasi ziddiyyətlərin yaratdığı parçalanmanı aradan qaldırmağa çağırıb. "Bununla (pandemiya-red) bir xalq olaraq birlikdə mübarizə aparmalıyıq. Amerika Birləşmiş Ştatları kimi. Virusu məğlub etməyin yeganə yolu budur", - Bayden deyib.
O, həmçinin bildirib ki, baş verənləri ölkənin nə qədər geri düşməsi baxımından deyil, bundan sonra nə qədər yüksələcəyinə dair tarixə çevirmək üçün birgə səylərə çevirmək lazımdır. Amerika administrasiyasının Demokrat Partiyasını təmsil edən rəhbəri "bu, bizim gücümüz daxilindədir", - deyə əlavə edib.
Daha əvvəl ABŞ prezidenti Birləşmiş Ştatlarda koronavirus qurbanlarının sayının 500 minə çatması ilə əlaqədar matəm elan edib. Ölkədə bayraqlar 5 günlük endirilib. Birləşmiş Ştatlarda COVID-19 qurbanlarının sayı İkinci Dünya, Vyetnam və Koreya müharibələrindəki itkilərinin sayından çoxdur. İkinci Dünya müharibəsində 291 min amerikalı həlak olub. Daha 47 434 Amerika hərbçisi Vyetnamdakı müharibənin qurbanına çevrilib. Birləşmiş Ştatlar eləcə də Koreya müharibəsində 33 739 əsgər və zabitini itirib.
Ağ Ev rəhbəri bir neçə gün əvvəl bildirmişdi ki, ABŞ-da koronavirusdan ölən insanların ümumi sayı yaxın günlərdə 500 min nəfəri keçəcək.
Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusdan ölənlərin sayı 500 071 nəfərdir. Ölkədə ümumilikdə 28 174 133 insan COVID-19-a yoluxub. Universitet federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparır.
ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.