ABŞ Prezidenti Cozef Bayden hazırda Slovakiyadakı diplomatik missiyaya rəhbərlik edən Bricit Brinkin namizədliyini Birləşmiş Ştatların Ukraynadakı səfiri vəzifəsinə irəli sürəcək.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Ağ Ev və Dövlət Departamenti bu məlumatı təsdiqləməyib. Qeyd edilir ki, ABŞ-ın dövlət orqanları KİV-in sorğusuna hələ cavab verməyib.
Əgər namizədliyi irəli sürülsə, Brink ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.
ABŞ-ın Kiyevdəki diplomatik missiyasının rəhbəri vəzifəsi əvvəlki səfir Mari Yovanoviçin 2019-cu ilin may ayında Vaşinqtona geri çağırılmasından sonra boşdur. Hazırda ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvindir. Yovanoviç 2016-cı ildə Prezident Barak Obamanın dövründə Ukraynaya təyinat alıb. 2019-cu ilin mayında Yovanoviç onu qeyri-loyallıqda ittiham edən dövlət başçısı Donald Trampın şəxsi tələbi ilə vəzifəsini tərk edib. Ağ Evin mətbuat katibi Cen Psaki yanvarın əvvəlində keçirdiyi brifinqdə jurnalistlərə bildirib ki, ABŞ-ın Ukraynadakı yeni səfir vəzifəsinə axtarışlar davam edir.