ABŞ Prezidenti Cozef Bayden jurnalistin Amerika ordusunun əlavə hissələrinin Avropaya göndərilməsinin mümkünlüyü ilə bağlı sualına birbaşa cavab verməkdən yayınıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Delaverdən Vaşinqtona qayıdan dövlət başçısı jurnalistlərə "Mən fərziyyələr irəli sürməyəcəm", - deyib. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, jurnalistlər Baydendən NATO-nun şərq cinahını gücləndirmək üçün daha əvvəl Polşaya göndərilən ABŞ ordusuna əlavə qüvvə vermək istəyib-istəmədiyini də soruşublar. Buna cavab olaraq Prezident yumruğunu havaya qaldıraraq dəstək işarəsi verib.
Çərşənbə günü ABŞ hakimiyyəti Rumıniya, Polşa və Almaniyaya əlavə hərbi hissələrin yerləşdirildiyini açıqlayıb. Pentaqonun izah etdiyi kimi, 1 000-ə yaxın amerikalı əsgər Almaniyadan Rumıniyaya, 2 000-ə yaxın hərbçi isə ABŞ-dan Avropaya göndərilir.