ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclasında çıxış edib.
“Report”un yerli bürosu xəbər verir ki, prezident ABŞ-ın müharibələrə son verməyə başladığını və bunun heç vaxt həll yolu olmadığını vurğulayıb: “ABŞ-ın hərbi gücü bizim son vasitəmiz olmalı, dünyada gördüyümüz hər problemə cavab olaraq istifadə edilməməlidir”.
C.Bayden ABŞ-ın öz dəyərlərinə və strategiyasına sadiq qalacağını deyib: “Güclü ölkələrin zəif ölkələri əzmək və torpaqlarını ələ keçirmək səylərinə qarşı çıxacağıq. Yeni bir soyuq müharibənin arxasınca qaçmırıq”.
Prezident Yaxın Şərqdəki münaqişələrin həll olunması üçün səylərini davam etdirdiyini bildirib: “Bu həll yolu üçün hazırda çox iş görməliyik”.
Nüvə silahlarından təmizlənmə mövzusuna üstünlük verəcəyini qeyd edən C.Bayden ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını alması üçün verdiyi sözə əməl edəcəyini nəzərə çatdırıb: “İranın nüvə sazişinin şərtlərinə qayıtmasını təmin etmək üçün 5+1 (Çin, Fransa, Rusiya, İngiltərə, ABŞ, Almaniya) ölkələri ilə diplomatik səylərimizi davam etdiririk. İran nüvə anlaşmasının şərtlərinə qayıtsa, biz də eynisini etməyə hazırıq”.
Vüsalə Abbasova