Almaniya üçün Çinlə əməkdaşlıq qarşıdurmadan daha üstündür, lakin Berlin Pekinin Rusiyaya verdiyi dəstəyi görməzlikdən gələ bilməz.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Almaniyanın təhlükəsizliyi dünyanın digər regionlarının təhlükəsizliyi ilə sıx bağlıdır və fikir mübadiləsi və diplomatiya indiki zamanda, hətta fərqli fikirlərə malik olanlarla belə xüsusilə vacibdir.
Berbok, Avropa dəyərlərinin və maraqlarının qorunmasının vacibliyini vurğulayaraq, əməkdaşlığın qarşıdurmadan daha üstün olduğunu əlavə edib.
Nazir Çin və Rusiya arasında əməkdaşlığın Avropanın maraqlarına zidd olduğu fikrini də bildirib. Onun sözlərinə görə, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qlobal təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə Rusiyaya iqtisadi və hərbi yardım etməklə Avropanın əsas maraqlarına zidd hərəkət edir.
Almaniyalı nazir bu məsələni Pekində müzakirə etmək niyyətində olduğunu təsdiqləyib və vurğulayıb ki, ikitərəfli münasibətlərdə belə faktlara göz yummaq olmaz.