“Kvinta” ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Fransa) səfirləri Serbiya Prezidenti Aleksandr Vuçiçə məktubla müraciət edərək, Kosovonun şimalında və Metohiyada qurulan barrikadaların 24 saat ərzində yığışdırılmasını tələb ediblər.
“Report” xəbər verir ki, bu barədə “Pink” telekanalı məlumat yayıb.
NATO dövlətləri Serbiya liderini əmin ediblər ki, barrikadalar göstərilən müddətdə aradan qaldırılmasa, o zaman tanınmamış Kosovo Respublikasının baş naziri Albin Kurti baş verənlərlə özü məşğul olacaq.
Daha əvvəl A.Vuçiçin Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Milan Moysiloviçi Kosovo ilə inzibati sərhədə yaxın yerləşən Raska şəhərinə göndərdiyi bildirilirdi.
Xatırladaq ki, dekabrın əvvəlində keçmiş polis zabiti Deyan Pantiçin terrorçuluq şübhəsi ilə “Yarin” sərhəd-keçid məntəqəsində saxlanmasından sonra serblərin Kosovonun şimalında və Metohiyada barrikadalar qurmağa başladığı məlum olmuşdu.