Beyrut limanında daha 79 konteyner təhlükəli maddə aşkarlanıb.
“Report” EFE-yə istinadən xəbər verir ki, avqustun 14-dən 22-dək livanlı və fransalı hərbi mütəxəssislər tərəfindən aparılmış axtarışlar nəticəsində tapılan həmin maddələr arasında 25 konteyner hidroxlorid turşusu var.
Hərbi mənbələrə görə, həmin yerdə uzun müddətdir qanunsuz olaraq saxlanılan həmin maddələrin hansı məqsədlə saxlanıldığı müəmmalıdır.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında altı il ərzində hər hansı mühafizə olmadan saxlanılmış 2 750 ton ammonium nitrat partlamışdı. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 182 nəfər ölüb, 6 mindən artıq xəsarət alıb. Həmçinin baş verən dağıntılar nəticəsində 300 minədək sakin evsiz-eşiksiz qalıb.