BMT Təhlükəsizlik Şurası (TŞ) və Baş Assambleyası (BA) Haaqa Beynəlxalq Məhkəməsinin beş üzvünü doqquz il müddətinə seçib.
“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ümumilikdə, 2024-cü ilin fevralında beş hakimin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar məhkəmədəki beş vakant yer səsverməyə çıxarılıb. Beynəlxalq Məhkəməyə seçilmək üçün Avstraliya, Konqo Demokratik Respublikası, Misir, Zambiya, Meksika, Rumıniya, Rusiya Federasiyası, ABŞ və Cənubi Afrika Respublikasından olan namizədlər müraciət ediblər.
BMT Təhlükəsizlik Şurasında səsvermənin nəticələrinə əsasən, beynəlxalq məhkəməyə Boqdan Auresku (Rumıniya), Sara Hall Klivlend (ABŞ), Xuan Robledo (Meksika), Hilari Çarlzuort (Avstraliya) və Tladi Dire (Cənubi Afrika Respublikası) seçiliblər. Namizədlər BMT Baş Assambleyasında lazımi sayda səs toplayıblar.
Məhkəməyə yenidən seçilən avstraliyalı H.Çarlzuort vəzifələrini yerinə yetirməyə davam edəcək, qalan dörd seçilmiş hakim isə 6 fevral 2024-cü ildə işə başlayacaq.