BMT: “Dünyada qaçqınların sayı 100 milyonu ötüb”

BMT: “Dünyada qaçqınların sayı 100 milyonu ötüb” Rusiyanın Ukraynaya hücumu nəticəsində dünyada qaçqınların sayı tarixdə ilk dəfə olaraq 100 milyon nəfəri ötüb.
Digər ölkələr
23 May , 2022 10:08
BMT: “Dünyada qaçqınların sayı 100 milyonu ötüb”

Münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur olan insanların sayı indi ilk dəfə olaraq Ukraynadakı müharibə və digər ağır münaqişələr səbəbindən 100 milyonluq həddi ötüb.

Bu barədə "Report"a BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

“Yüz milyon çox ciddi və eyni zamanda silkələyən və narahat edəcək bir rəqəmdir. Bu, heç zaman qeydə alınmamış bir rekorddur. Bu, dağıdıcı münaqişələrin həll edilməsi və qarşısının alınması, təqiblərə son qoyulması və günahsız insanları evlərini tərk etməyə məcbur edən əsas səbəblərin aradan qaldırılması üçün həyəcan siqnalı rolunu oynamalıdır”, - BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi söyləyib.

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın yeni məlumatlarına görə, Efiopiya, Burkina Faso, Myanma, Nigeriya, Əfqanıstan və Konqo Demokratik Respublikası daxil olmaqla bir sıra ölkələrdə yeni zorakılıq dalğaları və ya uzun sürən münaqişələr nəticəsində 2021-ci ilin sonunadək dünya üzrə zorla didərgin salınmış insanların sayı 90 milyona çatıb. Bundan əlavə, Ukraynadakı müharibə bu il ölkə daxilində 8 milyon insanı didərgin salıb, Ukraynadan 6 milyondan çox qaçqının köçməsi qeydə alınıb.

Dünya əhalisinin 1%-indən çoxunu təşkil edən bu ümumi rəqəm dünyada əhali baxımından 14-cü olan ölkənin əhalisinin sayına bərabərdir. Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzinin (IDMC) bu yaxınlarda dərc olunmuş hesabatına görə, buraya qaçqınlar və sığınacaq axtaranlar, habelə münaqişə nəticəsində ölkəsinin sərhədləri daxilində didərgin düşmüş 53,2 milyon insan daxildir.

“Ukraynadakı müharibə səbəbindən qaçan insanlara münasibətdə beynəlxalq reaksiya olduqca müsbət olub”, – deyə o, əlavə edib. – “Mərhəmət hissi qalmaqdadır və dünyadakı bütün böhranlarla bağlı analoji səfərbərliyə ehtiyacımız var. Amma nəticə etibarı ilə humanitar yardım çarə deyil, yüngülləşdirici vasitədir. Bu tendensiyanı geri çevirmək üçün yeganə cavab sülh və sabitlikdir ki, günahsız insanlar evdə qalıb ciddi təhlükə ilə üzləşmək, yoxsa riskli qaçışı və sürgünü seçmək arasında seçim etmək məcburiyyətində qalmasınlar”.

BMT QAK “Qlobal tendensiyalara dair illik hesabat”ını iyunun 16-da açıqlayacaq. Həmin hesabatda 2021-ci il üçün zorla didərgin salınma halları ilə bağlı qlobal, regional və milli məlumatların tam toplusu, habelə 2022-ci ilin aprel ayına qədər olan bir qədər məhdud çərçivədə yenilənmiş məlumatlar, həmçinin qayıdışlar və həll yolları haqqında təfsilatlar əks olunacaq.

Xatırladaq ki, Ukraynada müharibə başlamamışdan əvvəl dünyada qaçqınların sayı, təqribən, 90 milyon nəfər təşkil edirdi. Rusiyanın hərbi müdaxiləsindən sonra daha 14 milyon ukraynalı qaçqına çevrilib. Onların 8 milyon nəfəri Ukraynanın daha təhlükəsiz ərazilərinə köçüb, 6 milyon nəfər isə ölkə xaricinə pənah gətirib.

Son xəbərlər

Orphus sistemi