BMT-nin Baş katibi Antoniu Quterreş Efiopiyadakı vəziyyətdən narahatlığını ifadə edib və baş nazir Abiy Əhməd Əliyə dialoqa şərait yaratmaq üçün kömək təklif edib.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Quterreş BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin bu ölkəyə humanitar yardım göstərmək üçün Efiopiyaya gözlənilən səfərini də vurğulayıb.
Qeyd edək ki, bir gün əvvəl Efiopiya hökuməti Tıqray bölgəsindəki gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Bu qərar ölkənin paytaxtı Əddis-Əbəbədən şimalda, Tıqrayla sərhədə yaxın Amhara bölgəsindəki Dessiye və Kombolça şəhərləri ətrafındakı vəziyyətlə bağlıdır.
Əddis-Əbəbə rəhbərliyi şəhər sakinlərinə yaxın iki gündə onların sərəncamında olan silahların qeydiyyata alınmasının zəruriliyi, eləcə də ölkə paytaxtının müdafiəsinə hazır olması barədə məlumat verib.
Dessiye və Kombolça Əddis-Əbəbədən təxminən 400 km şimalda Amharada yerləşir və onların ətrafında Efiopiya ordusu ilə “Tıqray Xalq Azadlıq Cəbhəsi”nin qüvvələri arasında qarşıdurma davam edir.
1991-2018-ci illərdə Efiopiyada hakimiyyətdə olmuş "Tiqray Xalq Azadlıq Cəbhəsi" hazırkı baş nazir hakimiyyətə gəldikdən sonra müxalifətə keçib. Efiopiyanın şimalı 2020-ci ilin noyabrından münaqişələrin episentridir.