BMT-nin rəqəmli əməkdaşlıq üzrə səfiri Fabrisio Oçşild (Fabricio Ochschild) uyğunsuz davranışda şübhəli bilinərək təhqiqata cəlb edilib.
“Report” “Pledge Times”a istinadən xəbər verir ki, təşkilatın Baş katibi Antonio Quterreş bununla bağlı fikir bildirib.
Bundan əvvəl KİV-də BMT-nin 75-ci ildönümünə hazırlıqlar vaxtı F.Oçşildin bir neçə qadını seksual qısnamaya qoymaqda ittiham olunması barədə məlumat verilmişdi. Baş katibin nümayəndəsi Stefan Dujarik Baş katib A.Quterreşin hər hansı qısnama, ayrı-seçkilik, səlahiyyətlərdən sui-istifadə hallarına qarşı çox ciddi olduğunu vurğulayıb.
BMT Baş katibi bununla bağlı araşdırma aparmaq barədə göstərişi verib. F.Oçşild isə araşdırma başa çatanadək məzuniyyətə göndərilib.
Qeyd edək ki, 2018-ci ilin avqust ayında BMT gender bərabərliyi və qadın fəallığı baş müşaviri Ravi Karkaru da qadınlara sataşma şübhəsinə görə qalmaqalla üzləşmişdi. Ona qarşı azı 8 nəfər şikayət vermişdi.