"BMT son aylarda Suriyanın şimal-qərbində davam edən hərbi əməliyyatlardan, eləcə də bunun mülki əhaliyə təsirindən dərin narahatlıq keçirir".
“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Farhan Haq mətbuat konfransında deyib.
F. Haq BMT-nin Suriyada münaqişə tərəflərini beynəlxalq qanunlara hörmət etməyə çağırdığını deyib:
"Oktyabrın 19-da İdlibdə top atəşi nəticəsində bir mülki şəxs ölüb, dörd nəfər yaralanıb. İdlibin digər bölgələri və Qərbi Hələbdə vəziyyət gərgin olaraq qalır. Bu gün də İdlibin cənubundakı Ariha qəsəbəsinə top atəşi bir neçə mülki şəxsin ölümünə səbəb olub. BMT istənilən zorakılıq hallarını pisləyir və münaqişə tərəflərini hücumları dayandırmağa çağırır".
Sözçü əlavə edib ki, Suriyada 2020-ci ilin mart ayında imzalanan atəşkəs razılaşmasından sonra hazırda ən təhlükəli vəziyyət yaşanır.