Yəməndə milyonlarla qaçqın ərzaq yardımı kəsildiyi üçün artan qıtlıqla üzləşib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tviterdə məlumat yayıb.
Hesabatda bildirilir ki, ölkədəki qaçqınların yarıdan çoxu - təxminən 4 milyon insan, qidaya ciddi ehtiyac olan ərazilərdə yaşayır.
Bu ayın əvvəlində BMT Yəmənin mühüm humanitar yardım proqramlarından bəzilərinin maliyyə çatışmazlığı səbəbindən dayandırıldığını açıqlayıb.
2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli - ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.