Böyük Britaniya Krallıq Hava Qüvvələri (RAF) tərkibində ölkənin fəzadakı mənafeyini qorumaq üçün Kosmik Komandanlığı (UK Space Command) yaradılıb.
“Report” hökumətin saytına istinadən xəbər verir ki, Londonun 50 km-liyindəki RAF bazasında yerləşən Kosmik Komandanlığı Qərargahında dünən açılış mərasimi keçirilib.
Hava vise-marşalı Pol Qodfreyin rəhbərliyik etdiyi yeni qurumun yaradılması qarşıdakı 10 il ərzində fəzaya əlavə olaraq 1,4 milyard funt vəsait yatırmaqla bağlı Müdafiə Komandanlığı Sənədindəki müddəalarda nəzərdə tutulub. Həmçinin ötən ay baş nazir B.Consonun bildirdiyi kimi, fəzada əməliyyatlar aparmaq üçün qarşıdakı 4 ildə müdafiə büdcəsinin 24 milyard funt artırılacaq.
Müdafiə təminatı naziri Ceremi Kuin tədbirdə bildirib: “Rəqiblərimiz fəzadakı qabiliyyətlərini sürətlə artırdığı bir vaxtda aramsız inkişaf edən bu sahədə hərbi üstünlüyümüzü davam etmək baxımdan fəzaya vəsait yatırmamız həyati əhəmiyyət daşıyır. Odur ki, Kosmik Komandanlığının qurulması fəzada səmərəli fəaliyyətimiz baxımdan mühüm və həyəcan verici bir addımdır”.
Bütövlükdə fəza ilə bağlı fəaliyyətin əməliyyatlar, heyətin təlimi və təkmilləşdirməsi, fəza avadanlığı və ləvazimatı proqramları kimi üç başlıca sahə üzrə yeritmək nəzərdə tutulur.
Böyük Britaniya Müştərək Kosmik Əməliyyatları təşəbbüsü çərçivəsində ABŞ, Almaniya, Avstraliya, Fransa, Kanada, Yeni Zelandiya ilə birgə öhdəliklər daşıyır.