Böyük Britaniya hökuməti “TikTok” sosial şəbəkəsinə qarşı uşaqlara qarşı onlayn xidmətlər üçün davranış kodeksini pozmaqla bağlı ilkin ittihamlar irəli sürüb və 27 milyon funt sterlinq (29,3 milyon ABŞ dolları) məbləğində cərimə məbləğinin ödənilməsini tələb edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “The Independent” qəzeti məlumat yayıb.
İnformasiya üzrə komissar Con Edvards şirkəti 13 yaşa qədər olan uşaqların müvafiq valideyn nəzarəti və razılığı olmadan saytına daxil olmasına icazə verməkdə, eləcə də qanuni əsası olmadan istifadəçilərin etnik mənsubiyyəti, irqi, cinsi oriyentasiyası, siyasi baxışları kimi “xüsusi məlumatlarını” emal etməkdə ittiham edir.
C.Edvards bildirib ki, uşaqlar təhsil almalı və rəqəmsal dünyanı öyrənə bilməlidirlər, lakin onların məlumatları qorunmalı və hüquqlarına hörmət edilməlidir, rəqəmsal xidmət təminatçıları isə bunu təmin etməlidir. Onun fikrincə, “TikTok” bu tələblərə cavab vermir.