Böyük Britaniya kraliçası II Yelizaveta Barbadosun başçısı olmayacaq, ada 2021-ci ildə rəsmi olaraq respublikaya çevriləcək.
“Report” “Barbados Today” portalına istinadən xəbər verir ki, bu barədə Barbadosun general qubernatoru Sandra Meyson yerli parlamentin payız sessiyasının açılışında bildirib.
"Müstəmləkə keçmişimizi tamamilə geridə qoymağın zamanı gəldi. Barbados xalqının öz dövlət başçısına ehtiyacı var. Barbados tam suverenliyə doğru növbəti məntiqi addımı atacaq və müstəqilliyimizin 55 illiyinə qədər respublika olacaq", - deyib.
Qeyd edək ki, Karib hövzəsi ölkəsi 1966-cı ildə müstəqillik qazanıb.
Barbados Böyük Britaniyanın rəhbərlik etdiyi Birlik daxilində müstəqil dövlətdir. Barbadosun 287 000 nəfərdən çox əhalisi var, ada dövlət Karib dənizinin şərq hissəsində yerləşir.